Səmi
Eşidən
Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allah’ın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allah’a sığın! Həqiqətən, O, eşidəndir, görəndir. (Mömin surəsi, 56)
İnsana şah damarından daha yaxın olan Allah həm hər şeyi görən, həm də eşidəndir. Allah kainatdakı hər səsi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük sürətlə irəliləyən qalaktikaların, planetlərin, meteoritlərin səslərini eşitdiyi kimi, mikro aləmdə yaşayan və insanların gözlə əsla görə bilməyəcəyi milyardlarla canlının da səsini eşidir. Çünki Özü bütün bunları yaradandır. Allah torpağın altında yarılan toxumun da, səmada çaxan şimşəyin də, yerə düşən bir yağış damlasının və ya uçan quşun qanad səsini də eşidir. Bu həqiqət “Dedi ki: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, eşidəndir, biləndir!“ (Ənbiya surəsi, 4) ayəsi ilə bizlərə bildirilmişdir. Şübhəsiz, Allah’ın böyüklüyünün və qüdrətinin dəlillərindən biri bütün kainatdakı canlı və cansız bütün səsləri eyni anda eşitməsidir.
Allah yaşayan bütün insanların Özünə gizlicə yönələrək etdikləri bütün duaları eyni anda eşidir və eyni anda qarşılıq verir. Necə ki, bir başqa ayədə: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm...” (Bəqərə surəsi, 186)
-deyə bildirmişdir. Allah qatında zaman və məkan olmadığı, Allah hər an hər yerdə olduğu üçün bu, Ona çox asandır. Eyni zamanda, gizli pıçıltıların, danışıqların da hamısını eşidir. Allah ürəkləri ürpərərək Özünə dua edənlərin, gizlicə yönəlib dönənlərin səslərini eşitdiyi kimi, üsyan edənlərin, inkar edənlərin də səslərini, qurduqları planların ən həssas nöqtələrini də eşidərək bilir. Onun elmi hər yeri əhatə etmiş, heç bir canlı Ondan gizli bir söz belə deyə bilməmiş və deyə də bilməyəcək. Axirətdə ağzından çıxan hər sözün qarşısına gətirildiyini görüncə bunu daha yaxşı anlayacaq.
De: “Allah’ı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah eşidəndir, biləndir. (Maidə surəsi, 76)
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir. (Yusif surəsi, 34)
Göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Allah zəngindir, tərifəlayiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allah’ın sözləri qurtarmazdı. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidəndir, görəndir. Məgər Allah’ın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı ram etdiyini, üstəlik, Allah’ın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? (Loğman surəsi, 26-29)