Səməd

Heç kəsə möhtac olmayan


Allah, Səməddir (hər şey Ona möhtacdır; daimdir, heç bir şeyə ehtiyacı olmayandır). (İxlas surəsi, 2)


Bütün kainatda gerçək güc sahibi olan yalnız Allah’dır. İnsanın qarşılaşdığı hər cür çətinliyi, ehtiyacı qarşılamağa qadir olan da ancaq Odur. İnsanlar bəzən özlərini yaradan Rəbbimizi unudub Ondan başqa vəlilər seçir, gücü, qüdrəti və köməyi onların yanında tapmağa çalışırlar. Halbuki, bu insanlar aldanırlar, çünki yuxarıda da ifadə etdiyimiz kimi, Allah’dan başqa güc sahibi yoxdur. Allah diləmədikcə heç kimin bir başqasına faydası və ya zərəri toxuna bilməz. Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:

Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki, qüvvət və əzəmət tamamilə Allah’a məxsusdur. (Nisa surəsi, 139)


İnsan üçün hər cür çətinlikdən xilas olmağın yeganə yolu bütün güc və qüvvətin sahibi olan Allah’a sığınmaqdır. Çünki Rəbbimiz çətinlik və ehtiyac içində olub Özünə yönələn səmimi qullarından razı olur və onların üzərindəki çətinlikləri, sıxıntıları qaldırır. “Nəml” surəsində Allah’ın saleh qullarına köməyi belə xəbər verilmişdir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)


Yuxarıdakı ayədə insanların Allah’ın köməyinə qarşılıq nankorluq etdikləri, üzərilərində Allah’ın şəfqət və mərhəmətini görə bilmədikləri və ya unutduqları da bildirilmişdir. Halbuki, Allah “De ki: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir...” (Ənam surəsi, 64) ayəsi ilə xəbər verdiyi kimi, hər cür çətinlikdən insanı qurtaran tək məbuddur. Bunun qarşılığında insanın vəzifəsi isə bu razılığı görmək, gördüyünün əhəmiyyətini düşünmək və bu düşüncələrin sonunda Allah’a təslim olaraq şükür edən qul olmaqdır.

Bilin ki, Allah’ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah’ın lütfü və neməti sayəsindədir. Allah biləndir, müdrikdir. (Hucurat surəsi, 7-8)


Sonra onlar Allah’a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. De: “Acizanə və gizlicə:
“Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz şərik qoşursunuz”. (Ənam surəsi, 62-64)