Rəhman-Rəhim

Mərhəmətli, verdiyi nemətlərdən yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir və rəhmət buyuran, sevib-sevmədiyini ayırmadan saysız nemətlərə qovuşduran


O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allah’dır. O, mərhəmətlidir, rəhmlidir.
(Həşr surəsi, 22)


Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.

Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləri ilə yaratdıqlarını əhatə edəndir.

Allah 100 trilyon hüceyrədən ibarət olan insanın hər bir hüceyrəsini yaradan, bunların hamısına ayrı-ayrılıqda vəzifəsini öyrədən, içlərinə hər biri 1 milyon səhifəlik məlumatı ehtiva edən DNT-ləri yerləşdirən, bütün bunlarla insana can verən və varlığını hər an davam etdirəndir. Bütün insanlar ana rəhminə düşdüyü andan torpağa geri döndüyü ana qədər yalnız Allah’ın yaratdığı nemətləri tanıyır, bilir və onlarla yaşayırlar. İnsanlardan bu nemətləri görən və yaradılış məqsədini qavrayaraq Ona qulluq edənlər olduğu kimi, nankorluq edərək Allah’a qulluq etməkdən üz çevirənlər də var. Buna baxmayaraq, Allah insanların üzərində Rəhman adını ən gözəl şəkildə təcəlli etdirir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında nəfəs aldıqları hava, içdikləri su daxil olmaqla, gizli-açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi, onlara da mal-mülk, yaşayacaqları gözəl evlər və nəsillərini davam etdirəcəkləri övladlar verir. Onları da gözəl ruzilərlə bəsləyir. Onlara da sağlamlıq, güc və gözəllik verir. Çünki Allah Rəhmandır.

Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və Özünə şükür edərlər deyə faydalandırır. Lakin üz çevirənlər Allah’ın nemətlərindən ancaq göz açıb-bağlayacaq vaxtı qədər olan dünya həyatları müddəti boyu faydalana bilərlər. Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allah’a yaxınlaşmaq, Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükür edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyurulur:

(Bu cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)


Mərhəmətli və Rəhmli Allah’ın adı ilə! (Fatihə surəsi, 1)


De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. (İsra surəsi, 110)


O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha surəsi, 108)


(Peyğəmbər) dedi: “Ey Rəbbim! Ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)


Ruh və mələklər səf-səf duracağı gün, mərhəmətli (Allah’ın) izn verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq. (Nəbə surəsi, 38)


Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver! (Yasin surəsi, 11)


Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah’ın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara): “Salam”, - deyəcək. (Yasin surəsi, 52-58)