Qədim
Əvvəldən xəbərdar edən, əvvəldən bildirən
(Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. (Qaf surəsi, 28)
Allah sonsuz ədalət sahibidir. Özünə qulluq etmələri üçün yaratdığı insanlara elçilər göndərmiş, elçiləri vasitəsi ilə onları xəbərdar edib qorxutmuşdur. Yenə elçilərinə endirdiyi haqq kitablarla onlara doğrunu səhvdən ayıran düşünmə qabiliyyəti vermiş, yerinə yetirəcəkləri ibadətləri açıqlamış, məmnun olacağı əxlaqı xəbər vermişdir. Həmçinin kitablarında qeybdən xəbərlər vermiş; ölümün insanlara qəflətən gələcəyini, bütün kainatın yox olacağını, qiyamətin yaxınlaşaraq gəldiyini, hesab günündə bütün insanların xurma dənəsindəki sap qədər belə haqsızlıq edilmədən hesab verəcəklərini, dünyada Özünə qulluq etməyənlərin axirətdə sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqlarını bildirmişdir.
Şübhəsiz, bütün bunlarla Allah insanları əvvəldən xəbərdar edir. Necə ki, Allah “Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın“ (Əbəsə surəsi, 11-12) ayələri ilə insanların Quran ilə öyüd alıb doğru yolu tapa biləcəklərinə diqqət çəkmişdir. Bundan başqa, Allah digər ayələrində nankorluq edənlərin qarşılaşacaqları sonu və keçmiş qövmlərdə yaşamış inkarçıların başlarına gələnləri ətraflı təsvir etmiş və onların bu vəziyyətindən qullarının ibrət almalarını tövsiyə etmişdir. Ayələrdə belə buyurulur:
Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver. Həqiqətən, Bizdə qandallar və cəhənnəm hazırlanmışdır, boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır). O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir. Həqiqətən, Biz firona elçi göndərdiyimiz kimi, sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq. Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? (O gün) göy parçalanacaq. (Allah’ın) vədi mütləq yerinə yetəcəkdir. Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr. (Müzzəmmil surəsi, 11-19)
Əlbəttə, Allah’ın xəbərdar edib qorxutmağı nəticəsində yuxarıdakı ayədə də bildirildiyi kimi, diləyən Rəbbimizə bir yol tapa bilər. Amma bütün bunlara baxmayaraq, üz çevirənlər üçün də kədərli bir əzab haqq olmuşdur. Çünki Allah ən ədalətli şəkildə cavab verəndir.
Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik! (Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik! (Quranı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar heç bacara da bilməzlər! Axı onlara (vəhyə qulaq asmaq) qadağan edilmişdir. Elə isə çəkin, Allah’la yanaşı, başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! (Şüəra surəsi, 208-213)