Qabid
Sıxan, daraldan
Kim Allah’a gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız (Bəqərə surəsi, 245)
Göylərin, yerin və bu ikisi arasında olanların yaradıcısı olan Allah kainatdakı hər şeyin tək sahibidir. O, bütün varlıqları yaratmış və dünyanı da insanın yaşaya biləcəyi nemətlərlə təchiz etmişdir. Qullarının sahib olduğu hər cür zənginlik Allah’a aiddir, mülkün tək sahibi Odur. Allah dilədiyi insanları dünyada ikən zəngin, dilədiyini də kasıb edir. Amma mal-mülk sahibi olan da, heç bir şeyə sahib olmayan da unutmamalıdır ki, sahib olunan hər şeyi verən və bunların gerçək sahibi olan Allah’dır.
Allah dilədiyi adamın imkanlarını artıraraq şükür edib-etməyəcəyini, dilədiyinin də imkanlarını daraldaraq nankorluq edib-etməyəcəyini sınayır. Bu səbəbdən, insanların sahib olduğu və ya ola bilmədiyi şeylər özləri üçün qazanc deyil. Bunlar yalnız keçici dünya həyatını, yoxsa gerçək yurd olan axirəti istədiklərini sınamaq üçün Allah’ın yaratdığı imtahanlardır.
Əgər adam bu həqiqəti dərk etməyib əlindəki hər şeyi özünün zənn edib xəsislik edərsə və Allah’ın dilədiyi şəkildə xərcləməzsə, o zaman Allah əlindəki imkanları daralda bilər. Əksinə, əlindəki hər şeyin özünə Allah’ın razılığını qazanacaq şəkildə istifadə edilməsi üçün verildiyini bilənlərin də imkanlarını artırar, dünyada da axirətdə də onlara ən gözəli ilə cavab verər. Ayələrdə bu gerçək belə xəbər verilir:
Nə qədər bacarırsınızsa, Allah’dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. Əgər Allah’a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 16-17)
Əlbəttə ki, dünya həyatında Allah’ın insanlar üçün yaratdığı nemətlər təkcə maddi mövzularda deyil. Rəbbimiz mənəvi mənada da insanlara saysız-hesabsız nemət verir. Allah diləyərsə, insanı bu yöndəki nöqsanlarla da sınağa çəkər. Rəbbimizə olan təslimiyyət və təvəkküllərində qərarlı olmaları üçün Allah belə vəziyyət yarada bilər. İnkarçılara isə Allah inkarda inadkarlıq etdiklərinə görə, dünya həyatında belə bir qarşılıq verə bilər. Buna görə, insanın qəlbində mənəvi mənada sıxıntı hissi ola bilər. Bu, Allah’ın Qabid isminin təcəllisidir. Belə vəziyyətdə insan yenə də özünü hər cür sıxıntı və çətinlikdən qurtaran Allah’ı düşünməlidir. Allah sıxan və daraldan olduğu kimi, eyni zamanda da Basit, yəni açan və genişləndirəndir. Allah Özünə səmimi şəkildə yönələn, yardımı yalnız Ondan gözləyən ixlaslı qullarının qəlbinə hüzur, güvənlik və genişlik hissi verir. Onları yardımı, sevgisi və rəhməti ilə dəstəkləyib işlərini asanlaşdırar. Allah Quranda qəlblərin yalnız Rəbbimizə sığınmaqla hüzur tapacağını belə xatırladır.
De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz şərik qoşursunuz”. (Ənam surəsi, 64)
Bunlar, iman gətirənlər və qəlbləri Allah’ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)