Müyəssir
Xeyirdə və şərdə qulunun yolunu asanlaşdıran, dində asanlıq verən, heç kimə gücünün çatmayacağı yükü yükləməyən
... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə, şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib-bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc surəsi, 78)
Quran nəsihət almaq istəyənlər üçün asanlaşdırılıb. İçindəki hökmlər insan həyatında həmişə asanlıq yaradacaq şəkildədir. Məsələn, Allah kor, topal, ya da xəstə olana məsuliyyət yükləməmiş, xüsusilə müharibənin qızışdığı anlarda, səfərdə, aclıqda, çətin şərtlərdə qullarına asanlıq yaradacaq yollar göstərmiş, insanları günahları hər nə olursa-olsun etdikləri səmimi tövbə ilə bağışlayacağını söyləmişdir. Ayədə belə buyurulur:
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı? (Qəmər surəsi, 17)
Bundan başqa, möminlərin hər cür müvəffəqiyyət qazanmasının asanlığına da “Səni ən asan olana müvəffəq edərik“ (Əla surəsi, 8) ayəsi ilə diqqət çəkmişdir.
İnsanın hiss etdiyi, ya da gözü ilə gördüyü bütün asanlıqlar Allah’dandır. Bütün bu asanlıqlar Allah’ın şanındandır. O, mərhəmətlilərin ən mərhəmətlisidir və qulları üzərinə ağır yük yükləməyəndir.
Allah sizin üçün yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)
Allah insanı yaratdığı kimi, onun hansı şeylərə gücünün çatıb-çatmayacağını da bilir. Buna görə, qullarının heç bir işində çətinliyə razı olmaz. Allah Quranda “... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...” (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər verir. Əksinə, Allah qullarının üzərindəki yükü qaldırır. Onlara ən çətin şərtlərdə belə mütləq bir asanlıq verir. Hər çətinlikdən çıxış yolu göstərir. Bu nemətini qullarına Quranda belə xatırladır:
Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar)belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi çalış! Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)
Allah mömin qullarına razılığına və rəhmətinə çatmağın yollarını asanlaşdırarkən, inkarçılar üçün də əxlaqlarına uyğun layiq olduqları şəkildə əzabın asanlaşdırılacağını xəbər verir:
Kim də xəsislik edərək ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 8-10)
... Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)