Mühyi
Can, sağlamlıq verən, dirildən, yaşadan
O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. (Yunis surəsi, 56)
Bir varlığa can vermək, onu yoxdan yaratmaq və onun həyatını davam etdirməsi üçün uyğun şərait yaratmaq, yalnız sonsuz güc sahibi Allah’a məxsus olan xüsusiyyətdir. Allah gözlə görülməyəcək qədər kiçik bir yumurta ilə spermanı birləşdirir. Sperma yumurtanın içinə girən kimi yumurtanın ətrafı pərdə ilə örtülür və həyat başlayır. Allah bu kiçik hüceyrəni əvvəl iki, sonra dörd hissəyə bölür, bu bölünmə sürətlə davam edir. Beləliklə, ananın qarnında möcüzəvi bir həyat başlayır. Eyni hüceyrələr bir müddət sonra fərqliləşərək həm beyni, həm sinir sistemini, həm də sərt sümükləri və qığırdaqları meydana gətirir. Beləliklə, Allah doqquz ay ərzində yoxdan görən, eşidən, danışan və düşünən insanı yaradır. Ona can bağışlayır. Bir canlının yaranma mərhələlərində baş verən bu möcüzəvi hadisələri bir yumurta ilə spermanın bacara bilməyəcəyi aydındır. Onları birləşdirən və ana qarnındakı körpəni doqquz ay ərzində qoruyaraq böyüdən yalnız Allah’dır. Bu, ilk yaradılış və ilk diriltmədir.
İnsan dünyaya gəldikdən sonra onun yaşamasına izn verən də Allah’dır. Sonra bütün insanlara qədərlərində bir ölüm günü təyin etmişdir. Bu ölüm gününə qədər də onları müəyyən bir müddət dünya həyatında saxlayaraq sınayır. Təyin edilən müddət gəldiyi zaman isə insanların canını alır və dünyada işlədikləri əməllərin əvəzini vermək üçün daha əvvəl yoxdan var etdiyi kimi, ölümdən sonra təkrar dirildir. Şübhəsiz, bu, sonsuz gücə sahib olan Allah üçün çox asan işdir. Ancaq insanların bir qismi bu dirilişdən xəbərsizdirlər:
O, Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” (Yasin surəsi, 78)
Əlbəttə, insanların qəflətdə olduqları, inkar etdikləri bu həqiqəti Allah vəd edir və onların gətirdiyi misalın ən hikmətli cavabını Quranda belə verir:
De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 79)
Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər anlamırsınız? (Muminun surəsi, 80)
Sən Allah’ın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir. (Rum surəsi, 50)
Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)
(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız.
Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir. (Rum surəsi, 19-20)