Mühəymin
Nəzarət edən və qoruyan
O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)
Bütün kainatın qüsursuz bir nizam içərisində hərəkət etməsini təmin edən fizika qanunları onları yaradan Allah’ın qulları üzərindəki İlahi qorumasının ən gözəl dəlillərindəndir. Məsələn, yerin cazibə qüvvəsini düşünək. Bu cazibə qüvvəsi daha zəif olsaydı, nə olardı? Əvvəla, yüngül əşyalar yer üzündə sabit dayanmazdı. Çox zəif küləklə yerdən qalxan toz və qum zərrələri saatlarla havada uçuşardı. Yağış damcılarının sürəti çox yavaşlayar, yerə enmədən yenidən buxarlanardı.
Nümunə olaraq verilə biləcək bir başqa qanun Nyutonun klassik cazibə qüvvəsi nəzəriyyəsidir. Bu qanun dünyanın, ayın və planetlərin orbitlərinin içində olduqları həssas tarazlığı açıqlayır. Bu tarazlıqda yaranacaq ən kiçik bir pozulma Yerin ya sürətlə Günəşə yaxınlaşıb istidən qovurulmasına, ya da Günəşdən uzaqlaşaraq kosmosa uçmasına və soyuqdan donmasına səbəb olar.
Bəs cisimlər və səthlər arasında sürtünmə qüvvəsi olmayan Yer necə olardı? Qələm insanların əllərindən sürüşüb düşər, kitablar və dəftərlər stolun üstündən sürüşər, stol döşəmənin üzərindən sürüşüb divara çırpılar, qısası, bütün cisimlər, bir səthə toxunana qədər sürüşər və diyirlənərdi. Sürtünmə qüvvəsi olmayan Yerdə bütün əlaqələr pozular, mismarlar və vintlər yerlərindən çıxar, avtomobillərdə əyləc tutmaz, səs əsla dayanmayıb bir divardan o birinə əks-səda salar...
Allah’ın canlıların qorunması üçün yaratdığı xüsusiyyətlər, şübhəsiz, sadəcə fizika qanunları ilə məhdud deyil. Buna bir başqa nümunə də insanın üzərində yaşadığı yer üzünün möhkəm və təhlükəsiz olmasıdır. Dünyanın mərkəzinə doğru endikcə istilik hər kilometrdə 30°C artır. Nüvədə bu istilik 4.500°C kimi inanılmaz dərəcədə yüksəkliyə çatır. Yerin yalnız 1 km dərinliyində istiliyin 60°C-yə yaxın olduğu düşündükdə bunun nə qədər böyük bir təhlükə olduğu açıq-aşkar görünür. Buna baxmayaraq, bütün canlılar çox rahat vəziyyətdə, ayaqları altında qaynayan maqmadan xəbərsiz halda, həyatlarını davam etdirirlər.
Göründüyü kimi, Allah altında çox güclü od qaynayan yer üzündə mükəmməl bir nizam yaratmışdır. Belə ki, dünyanın heç bir yerində zərrə qədər nizamsızlıq yoxdur. O, göyləri və yeri idarəsi altında saxlayır, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. İnsanı isə daha döl halında ikən qorumaq üçün möhkəm bir yerə yerləşdirib onu müdafiə edir. Görürük ki, insanların əksəriyyətinin təbii qarşıladığı bir çox xüsusiyyət, əsasən, Allah’ın qullarına olan mərhəmətinə və İlahi müdafiəsinə işarə edir. Çünki nizam-intizamı təmin edən yüzlərlə fizika qanununun hal-hazırkı vəziyyəti üçün heç bir məcburedici səbəb yoxdur. Allah qoruyanların ən xeyirlisidir.
Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz oradan zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)