Müəzzib
Əzablandıran
O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)
Ətraflarındakı bütün dəlillərə baxmayaraq, Allah’a iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaq üçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allah’ın verdiyi bütün bu nemətlərə baxmayaraq, bəzi insanlar inkar edirlər. Hətta bir qismi azğınlıqla Allah’a iman edən möminlərə kin bəsləyir, Allah’ın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.
Allah dünyadakı hökmünü elçiləri vasitəsilə yerinə yetirir. Buna görə, inkar edənlərə daddırdığı dünya əzabının bir qismi də elçilərinin vasitəsi ilə olmuşdur. Allah elçiləri vasitəsi ilə inkarçıların öncüllərini əzablandırdığını ayələrində belə bildirir:
Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Əhzab surəsi, 60)
Allah’ın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allah’ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab surəsi, 62)
İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər davam edəcək qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox əzabı da yenə Allah verəcək. Müəzzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayə ilə bildirmişdir. Ayələrdə belə buyurulur:
Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 20-21)
Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhmliyəm. Əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 49-50)
Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)
Ancaq unutmaq olmaz ki, Allah dünya həyatında insan üçün saysız-hesabsız fürsətlər yaradır. Hər insanın ölənə qədər tövbə etmə, Allah’ın rəhmətinə sığınma imkanı vardır. Belə bir vəziyyətdə həyatı boyu nə qədər xəta etmiş olsa da, insan Allah’ın diləməsi ilə Rəbbimizi çox əsirgəyən və çox bağışlayan görər. Allah səmimi tövbə edənləri Quranda sonsuz rəhməti ilə belə müjdələyir:
Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə surəsi, 39)
Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha surəsi, 82)