Müəxxir / Müqəddim

İstədiyini yubadan, istədiyini irəli keçirən, tezləşdirən


Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)


Allah dilədiyi hadisəni təxirə salıb yubadan, dilədiyini də önə alıb irəli keçirəndir. Hər şeyin tək yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etməyə qadirdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah qatında əvvəldən təsbit edilmişdir. Bütün varlıqların gerçək sahibi olan Allah bu varlıqların həyatlarındakı bütün hadisələri öz zamanı ilə təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyi an reallaşmalı olan hadisə mütləq reallaşır. Bu reallaşan hadisə ancaq Allah’ın diləməsi ilə olur. Ondan başqa heç kim hər hansı bir hadisəni tezləşdirə və ya təxirə sala bilməz. Necə ki, bu həqiqətə Quranda belə diqqət çəkilir:

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)


Hadisələrin təyin edilən vaxtlarını Allah’dan başqa heç kim bilmir. Allah’ın təqdir etdiyi an gəlmədən bir yarpaq belə düşə bilməz. Var olan hər şey doğduğu andan ölənə qədər bu ilahi qanuna tabedir. Heç kimin Allah’ın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxmağa, heç bir hadisəni təxirə salmağa, ya da önə çəkməyə gücü çatmaz. Ancaq Allah təqdir edərsə, dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir:

Zalımların etdikləri əməllərdən Allah’ın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)


Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. (Hicr surəsi, 5)


Bu vəziyyətdə Allah’a iman edən bir qulun vəzifəsi Allah’ın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allah’ın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi, insan tələskəndir (İsra surəsi, 11) Bəzən bir hadisənin dərhal reallaşmasını istəyir, bəzən də bir hadisənin dərhal bitməsini istəyir. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allah’dır. İnsanın xeyirli gördüyü bir şey özü üçün şər ola bilər. Buna görə də mömin üçün əhəmiyyətli olan Allah’ın təqdir etdiyi hadisələrdən tamamilə razı olmaqdır.

Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir! Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda, artıq şübhəsiz, Allah öz bəndələrini görəndir! (Fatir surəsi, 44-45)