Müdəbbir
İdarə edən, yoluna qoyan, bütün yaradılmışları nizam və tarazlıqla idarə edən və bir-birinə köməkçi edən
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. İşləri yoluna qoyan Odur... (Yunis surəsi, 3)
Allah bütün kainatı idarə edir. Ondan xəbərsiz bir atom belə hərəkət edə bilməz. Allah kiçik bir toz zərrəsindən, boşluqda sürətlə hərəkət edən planetlərə və insan gözünün əsla görə bilməyəcəyi mikro aləmdə yaşayan milyardlarla canlıya qədər hər şeyin üzərində idarəçi olan tək gücdür. Səma, içində olan milyardlarla ulduz, bir-birinin ardınca hərəkət edən planetlər və Günəş tam təslimiyyətlə Allah’a boyun əyiblər. Kainatdakı qüsursuz nizam bütün varlıqları hər an nəzarəti altında saxlayan və hər şeyin üzərində olan bir gücün varlığını bizə sübut edir. Bu, Allah’ın qüsursuz yaratmasıdır.
Yer üzünə baxdığımız zaman da yenə fövqəladə bir nizamla qarşılaşırıq. Allah hər canlıya müəyyən vəzifələr verib. Bunlar özlərinə verilən vəzifələri bir gün, bir dəqiqə belə axsatmadan yerinə yetirirlər. Məsələn, ağaclar havadakı karbonu alıb əvəzinə oksigen vermək məcburiyyətindədirlər. Torpaq canlıların yeməsi üçün növbənöv ruzilər verir. Göydən yağan yağış müəyyən sürətdə və müəyyən miqdarda yağır, şimşəyin arxasından mütləq göy gurultusu gəlir. Təbiətdəki tarazlıq hər zaman qorunur, bəziləri ölərkən, bəziləri dünyaya yeni göz açır. Bütün varlıq aləmini yaradan Allah hər bir varlığa öz vəzifəsini ilham edərək həyatlarını davam etdirmələrini təmin edir.
Allah yaratdığı bütün canlıların bədənlərini də müəyyən bir tarazlıqla və daima idarə edir, bütün orqanları bir-birinə köməkçi edir. Belə ki, insan bədəninin funksiyalarının demək olar ki, hamısı insanların idarəsi xaricindədir. Heç kim ürəyinin döyünməsini, ya da yediklərinin mədəsində həzm edilməsini təmin edə bilməz. Qanındakı ağ qan hüceyrələrinin mikroblara qarşı apardığı mübarizədən xəbəri belə olmaz. Bədənini meydana gətirən hüceyrələrdəki saysız kimyəvi əməliyyatlardan nə xəbəri var, nə də bunlara nəzarət edə bilər.
Eynilə bədənindəki bu proseslər kimi, insanın həyatının asılı olduğu saysız xarici amil də var. Bu milyonlarla xarici amildən hər birini Allah davamlı olaraq və tarazlıqla idarə edir. Əgər bəzi insanların iddia etdiyi kimi, Allah dünyanı yaradıb başıboş buraxsaydı, şübhəsiz, hər şey daha o anda pozulardı. Gerçək budur ki, bu qədər sistemi ancaq yaradıcımız olan Allah qoruyur və kainat ancaq Rəbbimizin idarəsi ilə varlığını davam etdirir. Çünki Allah kainatın gerçək sahibidir, yaradılışı Ona aid olduğu kimi, rəhbərliyi də yalnız Ona aiddir. Bu mövzuya Quranda belə diqqət çəkilir:
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)
De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allah’dır!” – deyəcəklər. De: “Bəs onda Allah’dan qorxmursunuz?” (Yunis surəsi, 31)