Mübəyyin
Açıqlayan
Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz. (Bəqərə surəsi, 242)
İnsan niyə yaradıldığını, nə etməli olduğunu və öldükdən sonra nə ilə qarşılaşacağını sadəcə Allah özünə açıqladığı üçün bilir. Yoxsa insan Allah’ın endirdiyi kitablar, göndərdiyi elçilər və onlar vasitəsi ilə açıqlanan məlumatlar olmasa, çox çarəsiz, aciz və qorxu içində yaşamaq məcburiyyətində qalardı. Halbuki, qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah bütün sualların cavabını insanlara göndərdiyi kitabı ilə açıqlamış və onları qarşılaşacaqları çarəsizliklərdən qurtarmışdır. Bütün bunlar möminlərə şövq verir. Necə ki, Allah’ın həm elçilər, həm də endirdiyi kitablar vasitəsi ilə göstərdiyi yollar, qadağan etdiyi və ya tövsiyə etdiyi şeylər, etdiyi xəbərdarlıqlar, diqqət çəkdiyi bütün mövzular yalnız insanların qurtuluşu və Allah’ın hüzurunda sevinərək hesab vermələri üçündür.
Qulları üçün dünyada və axirətdə zülm istəməyən uca Allah onların sonsuz əzabdan qurtarmasına vəsilə olan bütün çıxış yollarını detallı olaraq təsvir etmiş, insanın yerinə yetirməli olduğu hər mövzunu açıqlamışdır. Bundan başqa, özlərindən əvvəlkilərin səhvlərini təkrarlamamaqları üçün insanlara keçmiş qövmlərdən də nümunələr vermiş və doğru yolu tapmaları üçün peyğəmbərlərin həyatlarından nümunələr çəkmişdir. Belə ki, insanların bilməsinin mümkün olmayacağı və sonsuza qədər də öyrənə bilməyəcəkləri bəzi hadisələri də Allah kitabında xəbər vermişdir. Məsələn, heç kim hz. Musanın müqəddəs vadi olan Tuvada Allah’la olan danışmasına şahid olmayıb və bu gün heç bir insan tarixi məlumatla bu hadisəni öyrənmə imkanına sahib deyil. Amma Allah Quranda bizlərə bu söhbətlə əlaqədar bəzi detalları açıqlamışdır. Beləliklə, əsrlərlə bundan əvvəl Rəbbimizin qarşısında tək olduğu anda hz. Musaya deyilən sözlər qiyamətə qədər yaşayacaq hər insana hər kəlməsi ilə çatıb. Bunu xəbər verən ayələrdə belə buyurulur:
Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin. Lakin Biz neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk. Biz çağırdığımız zaman da sən dağın yanında deyildin... (Qəsəs surəsi, 44-46)
İnsanların Allah’ın kitabından əlavə heç bir məlumat əldə edə bilməyəcəkləri mövzulardan biri də axirət həyatıdır. Ölümdən sonra həyat olduğu, dünyada keçən müddətin isə yalnız bu həyata hazırlıq mərhələsi olduğu Quranda xəbər verilir. Əks halda, insanlar yalnız dünyaya aid məlumatlarla kifayətlənmək məcburiyyətində qalar və ölümdən sonra nə olacağı ilə əlaqədar ən kiçik bir fikirləri belə olmazdı. Bunlar Allah’ın qullarına açıqladığı mövzulardan yalnız bir neçəsidir. Rəbbimiz Quran vasitəsilə insanlara ehtiyacları olan hər şeyi açıqlamışdır. Ayədə belə buyurulur:
... (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Şübhəsiz, Allah’ın bizə açıqladıqlarından başqa bizim heç bir məlumatımız yoxdur.