Mübəşşir
Müjdələyən
İman gətirib yaxşı işlər görən qullarına Allah’ın müjdə verdiyi budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)
Quranda bildirilən mömin əlamətlərini göstərən, Allah’a heç bir şeyi şirk qoşmayan və Allah’ın seçib bəyəndiyi din əxlaqına sonuna qədər sadiq qalaraq iman edən saleh qullar dünyada və axirətdə alacaqları qarşılıqlarla müjdələnilmişlər. Allah’ın ayələri ilə bildirdiyi bir müjdəsi belədir:
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 21)
Bir başqa ayədə isə möminlərə müjdə olaraq bu hökm bildirilir:
Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah’ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 64)
Allah Quranda möminləri mələklər vasitəsi ilə də müjdələdiyini açıq və dəqiq şəkildə bildirmişdir:
Həqiqətən də: “Rəbbimiz Allah’dır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-32)
Sonsuz xoşbəxtlik və sevinc qaynağı olan cənnətin yanında Allah dünya həyatında da mömin qullarına çoxlu müjdə verir. Quranda bu müjdələr xəbər verilmiş və Allah’ın dualara necə qarşılıq verdiyi nümunələrlə bildirilmişdir. Allah peyğəmbərlərə azğınlıqla baş qaldıran qövmlərin yerlə-yeksan ediləcəyi müjdəsini ayələrdə xəbər verildiyi kimi, əvvəldən bildirmişdir. Bundan başqa, Allah Özünə dua edərək övlad istəyən peyğəmbərlərin dualarını qəbul etmiş, hz. Zəkəriyyanı hz. Yəhya ilə, hz. Məryəmi hz. İsa ilə, hz. İbrahimi də hz. İshaq və hz. Yaqubla müjdələmişdir. Ayələrdə belə buyurulur:
“Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı öncə kimsəyə qoymamışıq!” (Məryəm surəsi, 7)
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 101) Sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Səff surəsi, 13)
Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allah’ın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ! (Tövbə surəsi, 112)