Mömin

Təhlükəsizliyi təmin edən, əminlik yaradan


O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)


Allah möminlərə dünyada da, axirətdə də razı olacaqları həyatı bəxş edir. Bu həyat hər cəhətdən çox mükəmməl olduğu kimi, mənəvi olaraq da möminlərin çox güclü olmalarını təmin edir. Allah saleh qullarına mənəvi cəhətdən rahatlıq, arxayınlıq və əmin-amanlıq verir. Möminlərə dünyada çətinlik çəkdikləri dövrlərdə kömək edir, ürəklərini gücləndirir, Özünə edilən təvəkküllə rahat həyat yaşadır. Quranda Peyğəmbərimiz (s.ə.v)


dövründə müharibədə məğlubiyyətin ardından Allah’ın möminlərə olan mənəvi dəstəyi belə izah edilir:

Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Hüneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu) sizin karınıza gəlmədi. Yer üzü genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 25-27)


Şübhəsiz, möminlərin qarşısına həmişə inkar edən bir qrup çıxmışdır. Bu inkarçı qrup Allah’a səmimi qəlbdən yönələn möminləri doğru yoldan ayırmağa, öz dinlərinə tabe olmağa çağırmışlar. Bu çağırışdan üz çevirənləri isə şiddətli əzabla qorxutmuşlar. Ancaq belə dövrlərdə də Allah inkar edənlərin səylərini puç etmiş və möminlərə hər cəhətdən kömək etmişdir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)


Allah’ın bütün möminlərə, xüsusilə də elçilərinə olan mənəvi dəstəyi başqa ayələrdə də xəbər verilib. Peyğəmbərimiz (s.ə.v) dövründəki inkarçı qövm Peyğəmbərin hicrət etməsinə səbəb olduğu üçün Allah onu hər cür mühitdə dəstəkləyəcəyini vəd etmiş, inkarçıların hücumunun qarşısını almış, mənəvi olaraq da elçisinə rahatlıq və təhlükəsizlik hissi vermişdir. Allah’ın bu köməyi ayələrdə belə xəbər verilir:

Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)


Yuxarıda sayılanların hamısı Allah’ın insanlara dünyada verdiyi təhlükəsizlik və rahatlıq hissidir. Ancaq axirətdə olan rahatlıq və təhlükəsizlik dünyadakı ilə müqayisə edilməyəcək qədər böyük bir nemətdir. Çünki oradakı mənəvi rahatlıq sonsuza qədər davam edəcək və Allah diləmədikcə yox olmayacaq.
Allah möminlərin cənnətdə yaşayacaqları, maddi və mənəvi hər cəhətdən təmin olunmuş bu halı belə təsvir edir:

Sözsüz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında olacaqlar. (Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. (Hicr surəsi, 45-48)


Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) evəşyaları və başqa şeylər düzəltdi. Allah yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah)Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız. Əgər üz çevirsələr, (bil ki,)sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır. Onlar Allah’ın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir. (Nəhl surəsi, 80-83)