Məlca
Özünə sığınılan
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah’dan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 118)
İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan qarşısına çıxa biləcək çətin, yaxud asan hər hadisəni kainatın yaradıcısı və hakimi olan Allah’a yönəltmiş, Ona sığınmışdır. Problemləri həll etmənin və ya zərərin qarşısını almanın bütün yollarının Allah’a dayandığını bilmək, bütün işlərdə yalnız Ona sığınmaq qullar üçün böyük güvən qaynağıdır.
Bu sığınma gücü məhdud və sonlu olan insanın sonsuz güc və qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsi ilə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, yaxud ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allah’dan istəyir. Allah’dan başqa kömək axtaranların isə öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi, özündən istənən də eyni mövqedədir, acizdir. Allah Özündən başqa kömək axtaranların içində olduqları vəziyyəti aşağıdakı ayədə bir nümunə ilə belə açıqlayır:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)
İnsanların hamısı çətinliyə düşdükləri zaman Allah’dan başqa sığınacaq bir güc olmadığını anlayırlar və Allah’ın yardımını ümid edirlər. Bu həqiqət Quranda belə bildirilmişdir:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” (Ənam surəsi, 63)
İnsanın çətin anında yalnız Allah’ı ağlına gətirməsi, əslində, tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. Elə isə insan gecikmədən ayədə xəbər verildiyi kimi, Rəbbimizə sığınmalıdır:
Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)
Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz! O, saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz! Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər! (Mömin (Ğafir) surəsi, 58-60)