Məcid

Şanı böyük və yüksək


Ərşin sahibidir; Məciddir. (Büruc surəsi, 15)


Allah’ın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, Ona inanmadıqlarını deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki təkəbbürə görə inkar edirlər.
Allah’ın kainatda yaratdığı möhtəşəm gözəlliklər, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqdakı ulduzlar, böyük səs-küylə və inanılmaz güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülmüş minlərlə metr yüksəklikdəki dağlar, içində bir-birindən fərqli rəngdə və səsdə saysız canlı növləri olan meşələr Allah’ın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.
Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan vulkan, hər şeyi önünə alıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi dağıdan tayfun, yalnız Allah’ın gücünün nümunəsidir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb.
Sadalananlar və burada sadalanmayan milyonlarla nümunə yalnız Allah’ın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir. Allah ayələrdə belə buyurur:

Doğrudan da Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmuşdur. (Cin surəsi, 3)


Onlar dedilər: “Allah’ın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allah’ın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir”. (Hud surəsi, 73)