Lətif
Lütf sahibi, lütf edən
Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir. O, qüvvətlidir, qüdrətlidir. (Şura surəsi, 19)
Daha əvvəl də dediyimiz kimi, dünyada iki cür insan yaşayır: Allah’a təslim olanlar və Onu inkar edənlər. Allah çoxlu sayda insan yaratmış, ancaq bunlardan çox az qismini Özünə təslim olanlardan etmişdir. Quranda bir çox ayədə insanların çoxunun iman etməyəcəyindən, doğru yola yönəlməyəcəyindən bəhs edilir. Bu insanlar şeytanın yoluna tabe olduqları, Allah’ı unutduqları, vicdanları qəbul etdiyi halda inkar etdikləri üçün cəhənnəm əhli olmağa layiq olmuşlar.
Allah’a təslim olan, Onun razılığı üçün yaşayan insanlar isə dünyada və axirətdə xoşbəxt yaşayırlar. Şübhəsiz, insanların elçilərlə, kitablarla xəbərdar edilmələri və beləliklə, doğru yolu tapmaları Allah’ın lütflərindən biridir. Quranda Allah’ın möminlərə olan lütfü belə bildirilmişdir:
Allah möminlərə, öz aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki, əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali-İmran surəsi, 164)
Lətif olan Allah mömin qullarına hər cür çətin vəziyyətdə kömək edərək də lütfünü göstərir. Quranda keçmiş qövmlərdən bəhs edilən hekayələrdə Allah’ın səmimi qullarına dəstək olması, onlara lütf etməsi ilə əlaqədar müxtəlif nümunələr verilmişdir. Məsələn, Allah hz. Musanın qövmünü fironun zülmündən qurtarmış və onları yer üzünə varis etmişdir. Bu həqiqət ayələrdə belə bildirilir:
Həqiqətən, firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 4-5)
Allah iman edənlərin dünyada tək dostu və vəlisi olduğu kimi, axirətdə də onlara kömək edəcək, pisliklərini yaxşılıqlara çevirəcək və onlara lütf edəcək. Necə ki, möminlərin cənnətdəki ifadələri bu gerçəyi belə bildirir:
Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, rəhmlidir!” (Tur surəsi, 26-28)
Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir. (Mülk surəsi, 14)
Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, xəbərdardır. (Ənam surəsi, 103)
Məgər Allah’ın göydən yağış yağdırdığını və yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır. (Həcc surəsi, 63)
(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16)