Hayy
Diri, hər şeyi bilən və hər şeyə gücü çatan
O, Hayy olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin surəsi, 65)
İnsan acizdir və çox az şeyə gücü çatır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarı şüurlu halda keçir. Bu dövr ərzində qulluğa möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməzsə və təxirə salasa, qısa müddət ərzində pis vəziyyətə düşür.
Bundan başqa, insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: yuxu. İnsan ömrünün hardasa üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa nə isə etmək istəsə belə, buna bir-iki gündən çox dözə bilmir. Hətta 24 saat yatmayan insanın şüurunda bulanıqlıq, idrakında yavaşlama görünür. Həmişə təbii olaraq etdiyi işləri görə bilmir, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilmir, hətta danışmaqda çətinlik çəkməyə, bildiyi şeyləri unutmağa başlayır.
Əlbəttə, insan və insan kimi yaradılmış olan digər bütün canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc yetirir, Onu yuxu və mürgüləmə tutmur, hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri bilib yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşən də Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəyini, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlib dönməsidir. Allah’ın Hayy sifətinin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:
Allah... Ondan başqa ilah yoxdur. Diridir, Qəyyumdur. (Ali-İmran surəsi, 2)
Sən əsla ölməyən və daim diri olan (Allah’a) təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan surəsi, 58)
(O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111)
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)
Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir. O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır. (Qaf surəsi, 43-44)