Fəttah

Çox yaxşı hökm verən, açan, hökm edən


Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf surəsi, 96)


Fəttah Allah’ın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərir. Necə ki, Quranda Peyğəmbərimizin (s.ə.v) qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:

Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi, 1-6)


Quranda Allah’ın iman edənlərə verdiyi asanlıqlara bir çox nümunə verilmişdir. Hz. Musa da Allah’ın müxtəlif çətinliklərlə sınadığı elçilərdən biridir. Ancaq Allah hz. Musanı köməyi ilə dəstəkləmiş və işlərini asanlaşdırmışdır.
Hz. Musa firona təbliğ etməyə gedərkən qardaşı Harunu özünə köməkçi etməsini Allah’dan istəmiş, Allah da onun duasını qəbul edərək hz. Harunu ona köməkçi etmişdir.
Quranda bir çox başqa hadisələrdə də göstərildiyi kimi, Allah möminlərə həmişə kömək edib. Onların başına gələn və aşılması qeyri-mümkün kimi görünən çətinlikləri ortadan qaldırıb. Ancaq bu inkarçılara aid deyil. Allah onların ürəklərini daraldır, sıxır və bütün nemətlərin qapısını bağlayır. Rəbbimizin diləməsi ilə bağlanan bu qapıları sonsuza qədər aça biləcək heç bir güc yoxdur.
Allah inkarçılar üçün nemət qapılarını bağladığı kimi, onların üzərinə əzab qapısı açar. İnkarçılara verilən bu əzab bir ayədə belə bildirilir:

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77)


Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah’a. De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allah’dan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar üz çevirirlər. De: “Bir deyin görək, əgər Allah’ın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?” (Ənam surəsi, 43-47)