Fatir

Yaradan, icad edən


Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusif surəsi, 101)


Yaşadığımız dünyaya baxdığımız zaman üzərində həyatın olması üçün xüsusi olaraq yaradıldığını görürük. Dünyanın kosmosdakı mövqeyi, canlıların ehtiyacı olan hər cür detalın dünyada var olması bu planetin üstün bir ağılın əsəri olduğunun açıq-aşkar dəlilidir. Həyat üçün son dərəcə əlverişli yaradılan bu planetin üzərində yaşayan canlılara baxdığımız zaman da eyni gerçəklə qarşılaşırıq. Dünya üzərində var olan bütün canlılarda heyrətamiz bir dizayn var. Hər canlı özü üçün uyğun mühitdə, uyğun bədən quruluşu ilə həyatını davam etdirir.
Bununla yanaşı, canlıların meydana gəlməsindəki detalları araşdırdıqca qarşıya çıxan yaradılış həqiqəti daha da dəqiqləşir. Bütün canlıların əsas quruluş mənbəyi olan hüceyrə mükəmməl sistemə malikdir. Hüceyrədəki nizam elə qüsursuzdur ki, canlıların təsadüfən əmələgəlmə ehtimalının qeyri-mümkünlüyünü öz-özlüyündə sübut edir.
Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bütün detallarda açıq-aşkar dizaynın izləri var. Şübhəsiz, bunların hamısının dizaynı hər şeyin yaradıcısı olan Allah’a aiddir. Kainatdakı varlıqlara aid olan ən kiçik detalda belə Rəbbimizin qüsursuz sənətini görmək mümkündür. Allah yaratdığı sistemin qüsursuzluğunu “Mülk” surəsində belə xəbər vermişdir:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)


De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən Allah’dan başqasını özümə Rəbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və: “Müşriklərdən olma!” (-deyə buyuruldu)” (Ənam surəsi, 14)


Peyğəmbərləri də belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allah’a da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz, elə isə açıq-aşkar bir dəlil gətirin!” (İbrahim surəsi, 10)


De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” (Mülk surəsi, 23-24)


Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117)