Əhkamül-hakimin
Hökm verənlərin hakimi
Məgər Allah hakimlərin hakimi deyilmi?! (Tin surəsi, 8)
Hər işin hökmünü verən, nəticələndirən Allah’dır. Bütün hadisələr Onun əmri ilə, diləməsi ilə meydana gəlir və inkişaf edir. Allah’ın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allah’ın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allah’ın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağılın sahibidir. Üstəlik, zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun biləndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilmir. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nə ilə nəticələnəcəyinə də hakimdir. Buna görə də verdiyi hökm hər zaman ən doğru, ən yaxşı və ən hikmətli olandır.
Lakin iman etməyənlər bu həqiqəti başa düşmürlər. Ətraflarında baş verən hər hadisənin müəyyən səbəblərə bağlı olaraq təsadüfən meydana gəldiyini zənn edirlər. Allah’ın hökm etdiyi hadisələrdəki hikmətləri qiymətləndirə bilmirlər. Meydana gələn hər hadisənin Allah’ın idarəsində olduğunu anlamırlar. Möminlər isə Allah’ın verdiyi hökmlərin hikmətlərini qavramağa çalışır və Onun daim ən yaxşı və ən xeyirli hökm verən olduğunu bilirlər. Allah Quranda belə buyurur:
Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunis surəsi, 109)
Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Hud surəsi, 45)