Cami

İstədiyini, istədiyi zaman, istədiyi yerdə toplayan


Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz! (Ali-İmran surəsi, 9)


Dağınıq şeylərin bir yerə toplanması mənasını verən “cəm” sözü Allah’ın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir:

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Bəqərə surəsi, 148)


Ancaq həqiqi toplanma günü qiyamətlə reallaşacaq. Özünə şübhə olunmayan qiyamət günündə Allah’ın bütün qulları Onun hüzurunda toplanacaqlar. Dünyada Özünü və elçilərini yalanlayanların inkarlarını və bu inkarlarından qaynaqlanan bütün hərəkətlərini bilən Allah, elçiləri ilə bütün insanlığa xəbər verdiyi böyük hesab günündə gəlmiş-keçmiş bütün cəmiyyətləri bir yerə yığacaq. Sura üfürüldüyü gün günahkarların hamısı bir yerə yığılacaq və etdiklərindən hesaba çəkiləcəklər. İnkar edənlər üzüaşağı cəhənnəmə sürüklənəcək, layiq olduqları cəzanı yenə yoldaşları ilə birlikdə alacaqlar.
Allah Özünə iman edənləri isə etdiklərinə qarşılıq olaraq cənnətdə də -dünyada olduğu kimi- birlikdə mükafatlandıracaq. Allah təqva sahiblərini də rəhbərləri ilə birlikdə hüzuruna gətirəcək. Onlar nurları önlərində və yanlarında Allah’ın izni və rəhməti ilə cənnətə girəcəklər. Özünü inkar edən insanları isə dünyada da bir-birlərinə dəstək olub qruplaşdıqları kimi, cəhənnəmdə də həmişə bir yerdə saxlayacaq, bir-birləri ilə dalaşıb mübahisə etmələrinə izn verəcək. Zülm edənlərin yoldaşları və ibadət etdikləri həmişə bir yerdə olacaqlar, işlədikləri günahların cəzasını cəhənnəmdə həmişə birlikdə çəkəcəklər. Çox arxalandıqları yoldaşları və dostları ilə birlikdə cəhənnəmə sürüklənmənin əzabını yaşayacaqlar. Allah dünyada şeytana itaət edən insanları axirətdə bir yerə yığaraq cəhənnəmə atacağını aşağıdakı ayəsi ilə bildirmişdir:

Allah kitabda sizə nazil etmişdir ki, Allah’ın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə bir yerdə toplayacaqdır! (Nisa surəsi, 140)


De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir”. (Səba surəsi, 26)


Ey Rəbbimiz! Həqiqətən, şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz! Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar cəhənnəmin yanacağıdırlar. (Ali-İmran surəsi, 9-10)